ƏLİSƏMİD
Şair Əlisəmid Kürlə Yazıçılar İttifaqında Bədii ədəbiyyatı təbliğ bürosunda işləyirdik. Onda Əlisəmid İçərişəhərdə yaşayırdı. Şair Tofiq Qaraqaya hər gün iş yerimizə gəlib ona təklif edirdi ki, gəl, səhərlər dəniz qırağında qaçaq, siqareti, içkini ataq, bədənimizi möhkəmləndirək və s.
Hər dəfə Əlisəmid bu təklifdən sonra üzünü turşudub, susurdu və siqaretə cumurdu. Bir dəfə Tofiq yenə həmin təklifini təkrar edəndə, Əlisəmid partladı:
— Tofiq, bəsdir də, atam xəstə, anam xəstə, bir qardaşım türmədə, biri dəlixanada. Özüm də arvadımdan təzə ayrılmışam. Tanış-bilişin biri görüb deməz ki, ay filan-filan, hansı gününə qaçırsan?!