Hadisələr qəddar rejimin hökm sürdüyü xəyali Panem dövlətində cərəyan edir. Kapitoli 12 bölgənin əhalisini vəhşicəsinə istismar edir və total qorxu altında saxlayır. Məhz bu məqsədlə mərkəz ildə bir dəfə hər bölgədən bir oğlan və bir qız iştirakçı olmaqla qladiator döyüşləri – aclıq oyunları təşkil edir. Kitabın baş qəhrəmanı Katnis Everden döyüşlərin könüllü iştirakçısıdır: o, püşkə əsasən oyunlara qoşulmalı olan kiçik bacısını əvəz edir. Bu bölgədən olan ikinci xərac – Pita Mellarkla birlikdə Katnis oyunlarda sağ qalmaq və qalib gəlmək üçün yüksək dözüm və iradə göstərməli, güc və ağıl işlətməli olur. Fantastika, macəra və detektiv elementləri ilə zəngin olan roman oxunaqlı dillə və yüksək bədii üslubda qələmə alınıb. Yazıçı əsərində totalitar dövlət nəzarəti və insan azadlığı mövzusunu ustalıqla işləyib.
Amerikan yazıçısı Suzanne Collins 1962-ci il avqustun 10-da ABŞ-nın Konnektikut ştatının Ferfild dairəsinin Sendi Huk kəndində anadan olub. 1991-ci ildən uşaq televiziya veriliş və serialları üçün ssenarilər yazmağa başlayıb. 2003-cü ildə uşaqlar üçün ilk kitabı – “Yeraltı salnamələri” seriyasından “Yerüstü Qreqor” adlı birinci romanı işıq üzü görüb. Collins 2007-ci ilə qədər populyar və oxunaqlı seriyadan daha 4 kitab çap etdirib. 2008-ci ildə “Aclıq oyunları” romanı – eyniadlı trilogiyanın birinci hissəsi çıxıb. Əsər çox qısa müddətdə bestsellerə çevrilib. Növbəti iki il ərzində trilogiyanın daha iki kitabı oxucuların ixtiyarına verilib. “Aclıq oyunları” romanı 2012-ci ildə Suzanne Collinsin öz ssenarisi əsasında ekranlaşdırılıb.