– Ah! Yaxşı! – Felisite razılaşırdı. – Siz də Gerina kimisiniz, Poledən olan balıqçı Gerinin qızı, bu qızla sizə gəlməmişdən qabaq Dyepdə tanış olmuşdum. Gerina o qədər qəmgin qız idi ki, onu evlərinin kandarında ayaq üstə görsəydiniz, elə bilərdiniz ki, qapının qarşısından kəfən asıblar. O da belə xəstəliyə yoluxmuşdu, başı dumanlıydı, nə həkimlər, nə də keşiş onun dərdinə əlac qıla bilirdilər. Halı lap ağırlaşanda tək-tənha dənizin sahilinə qaçırdı, hətta gömrükxana işçisi onun tez-tez çay daşlarının üstündə üzüqoylu uzanıb ağladığını görmüşdü. Deyilənə görə, toydan sonra azarı keçib getdi.
– Məndə isə, – Emma dedi, – toydan sonra başladı.