Dante öz cəhənnəmini təsvir etmək üçün bundan gözəl örnək tapa bilməzdi. Qıf şəklində yapılmış bu zindanlar, adətən, dar və ensiz bir otaqda başa çatırdı. Dante bu otağa şeytanı yerləşdirərdi. Bəşəriyyət isə buraya edam cəzasına məhkum edilmiş insanları salırdı. Buraya düşmüş zavallı insanlar artıq günəş işığına, havaya, həyata, bütün ümidlərə vida etməli idilər! Buradan çıxan insanlar yalnız dar ağacına, yaxud tonqalda yanmağa gedərdilər. Bəzən bu insan burada çürüyə də bilərdi; bəşəriyyətin ədalət məhkəməsi buna «insanı unutmaq» adını vermişdi. Məhkum özü ilə xarici aləm arasında bir yığın daş və bir sürü keşikçi olduğunu və bu zindanın, bu nəhəng binanın bütün sakinlərinin böyük və mürəkkəb qıfıla çevrilərək onu canlı aləmdən təcrid etdiyini hiss edirdi.