3. Birlstoun faciəsi
Nəhayət, Londonun şimalında yerləşən Birlstounda baş vermiş hadisələri təsvir etmək üçün fürsət tapa bildim. Əsrlər boyunca bu şəhərcik baxımsız halda qalmış, amma son illər onun mənzərəli təbiəti varlı şəhərliləri özünə cəlb etdiyi üçün, indi ətraf meşələrin düz ortasında gözəl villalar tikilmişdi. Birlstounun özündə isə getdikcə artan əhaliyə xidmət etmək məqsədilə çoxlu dükanlar açılmışdı.
Birlstounun mərkəzindən yarım mil uzaqlıqda nəhəng fıstıq ağaclarının bitdiyi köhnə parkda qədim malikanə yerləşir. Bu əzəmətli binanın bir hissəsi ilk səlib yürüşləri dövründə tikilmişdi. Bina 1543-cü ildə baş vermiş yanğından böyük zərər görsə də, bəzi tikililər salamat qalmışdı və feodal qəsrinin xarabalıqları yerində tezliklə kərpic malikanə ucaldılmışdı. Kirəmit damı, ensiz pəncərələri olan bu bina eynilə on yeddinci əsrdə tikildiyi kimi qalmışdı. Bir zamanlar döyüşkən feodalların mülkünü əhatələyən arxlardan biri indi su ilə dolmuşdu. Buna görə də evə yalnız gecələr qaldırılıb səhərlərsə endirilən körpüdən keçməklə girmək mümkün idi. Beləcə, malikanə hər gecə sanki adaya çevrilirdi. Bu faktın tezliklə bütün İngiltərənin diqqətini cəlb edən sirli hadisə ilə birbaşa əlaqəsi vardı.
Evdə yaşayan ailə iki nəfərdən ibarət idi: Con Duqlas və onun arvadından. Söhbətlərdən belə məlum olurdu ki, Duqlas təxminən əlli yaşlarında, sərt üzü, iri çənəsi, qonur gözləri, kəskin baxışı və ağarmış bığları olan boylu-buxunlu bir adam olub. Hamı ilə gülərüz davranırmış, amma hərəkətlərindən elə hiss olunurmuş ki, keçmiş günlərində sanki daha aşağı təbəqələrdə dolaşmağa məcbur olub. Onun kifayət qədər qızılı vardı; guya, onları Kaliforniyadakı qızıl mədənlərindən əldə etmişdi. Cəsur adam kimi şöhrət qazanması ona olan yaxşı münasibəti daha da möhkəmləndirmişdi. Bir dəfə vikarinin2 evi yananda yanğınsöndürənlər əmlakı xilas etməyin mümkün olmadığını dedikdən sonra Duqlasın cəsarətlə özünü alovun içinə atması hamını təəccübləndirmişdi.
İngilislər, xüsusən də əyalətdə yaşayanlar gəlmələrlə könülsüz ünsiyyət qursalar da, Duqlasın arvadı Birlstoun sakinləri arasında çox sevilirdi. Missis Duqlas qapalı həyat tərzi keçirirdi. Deyirdilər ki, Duqlas Londonda yaşayan zamanlarda dul qaldıqdan sonra onunla tanış olmuşdu. O, ərindən iyirmi yaş kiçik olan incə qamətli, qarayanız, gözəl bir qadın idi – yaş fərqi onların xoşbəxtliyinə qətiyyən təsir göstərmirdi. Ərlə arvadın bir-birinə etibar etməməsini yalnız ən yaxın adamlara məlum idi. Yəqin ki, bu qarşılıqlı inamsızlıq missis Duqlasın ərinin keçmişi haqqında bəzi şeyləri öyrəndikdən sonra yaranmışdı. O, ərinin evə gec qayıtdığını gördükdə bərk əsəbiləşirmiş.
Faciə baş verdiyi gün Duqlasların evində daha bir nəfər olub. Bu adam – hemstedli Sesil Berker idi. Onu Birlstounda tez-tez görmək olardı, çünki dolubədənli bu şəxs malikanədə sevimli qonaqlardan biri idi. Deyirdilər ki, mister Duqlasın sirli keçmişini tək o bilir. Berkerin sözlərindən öyrəndik ki, o, ilk dəfə Duqlasla Amerikada tanış olub və birlikdə çətin günlər yaşayıblar. Berker çox varlı adam idi. O, Duqlasdan cavan, qırx beş yaşında olardı, geniş sinəsi, tərtəmiz qırxılmış üzü, qalın qara qaşları vardı. Berker tez-tez vaxtını Duqlasla ya da onun arvadı ilə birlikdə gəzintilərdə keçirər, ətraf kəndlərə baxmağa gedərdi. “Mehriban, səxavətli centlmendir, – eşikağası Ems onun barəsində belə deyirdi, – lakin mən cavab qaytaran adamın yerində olmaq istəməzdim.” Berker Duqlasla çox yaxın münasibət saxlayır, onun arvadı ilə dostluq edirdi. Bu isə Duqlasın xoşuna gəlmirdi. Faciə günü Duqlasların evində olmuş Berker haqqında təxminən bu qədər demək olar. Xidmətçilərdən isə hörmətə layiq qoca Emsin və missis Duqlasa ev işlərində kömək edən gülərüz, şən qadın missis Allenin adlarını çəkmək lazımdır.
Yanvarın altısında baş vermiş hadisə haqqında ilk xəbər serjant Uilsonun rəhbərlik etdiyi yerli polis şöbəsinə çatdırıldıqda gecə saat on ikiyə yaxın olardı. Berker təlaş içində polis şöbəsinə gələrək mister Duqlasın qətl edildiyini xəbər verib və dərhal malikanəyə geri qayıdıb. Bundan az sonra polis zabiti onun dalınca gedib. O, yerli hakimiyyət orqanlarına hadisə haqqında xəbər verdikdən sonra cinayət yerinə saat on ikidən bir az keçmiş gəlib. Serjant qalxma körpünün aşağı endirildiyini, pəncərələrdənsə işıq düşdüyünü görüb. Qorxmuş eşikağası qapının ağzında dayanmışmış. Sesil Berker serjantdan onun arxasınca gəlməsini xahiş edib.
Demək olar ki, həmin dəqiqə Birlstounun daimi sakini doktor Vud da hadisə yerinə gəlib. Üç kişi birlikdə məşum otağa giriblər. Ölmüş Duqlas arxası üstə yerə uzanmışdı. Doktor aşağı əyilsə də, bircə baxışla gəlişinin əhəmiyyətsiz olduğunu anlayıb.
Qətlə yetirilmiş mister Duqlas eybəcər hala salınmışdı. Sinəsinin üstündə qəribə silah vardı: mişarla kəsilmiş bir fut uzunluğunda iki lüləsi olan ov tüfəngi. Atəş çox yaxın məsafədən açıldığına görə güllə kəllə sümüyünü parça-parça etmişdi. Hər iki lülədən eyni vaxtda atəş açmaq üçün tətiklər bir-birinə bağlanmışdı.
Polis üzərinə düşən məsuliyyəti dərk etdiyindən karıxıb qalmışdı.
– Rəhbərlik gələnə qədər heç bir şeyə toxunmayacağıq, – o, meyitdən gözlərini çəkməyərək zorla eşidiləcək bir səslə dedi.
– Onsuz da heç nəyə toxunulmamışdır, – Sesil Berker dilləndi. – Hər şey mən gördüyüm kimi qalmışdır.
– Siz bunu nə vaxt gördünüz? – deyə serjant qeyd kitabçasını çıxararaq soruşdu.
– Saat on ikinin yarısı idi. Mən hələ soyunmamışdım, yataq otağımda buxarının yanında oturmuşdum, birdən atəş səsi eşitdim. Səs elə də bərk deyildi, sanki nə iləsə boğulmuşdu. Dərhal aşağıya qaçdım. Ən çoxu otuz saniyədən sonra Duqlasın otağında idim.
– Qapı açıq idi?
– Bəli, açıq idi. Zavallı Duqlas indi gördüyünüz kimi uzanmışdı. Masanın üstündə lampa yanırdı.
– Heç kimi görmədiniz?
– Yox. Mənim ardımca missis Duqlasın da pilləkənlə aşağı endiyini eşitdim, buna görə də tez onun qarşısını kəsməyə tələsdim. Qulluqçu Allen də gəldi və onun qolundan tutub apardı. Sonra Ems gəlib çıxdı, onunla birlikdə yenə bura qayıtdım.
– Amma mən elə bilirdim ki, malikanədəki körpü bütün gecəni qaldırılmış vəziyyətdə olur?
– Körpü bu gecə də qaldırılmışdı, amma mən onu endirtdim.
– Onda qatil necə qaçıb gizlənə bilərdi? Yəqin ki, mister Duqlas özünü vurub, intihar edib.
– Mən də əvvəl belə fikirləşdim. Amma baxın,
– deyə Berker pərdəni çəkdi, pəncərələr taybatay açılmışdı. – Bura da baxın! – O, pəncərənin altlığında çəkmə izinə oxşayan qanlı ləkəni göstərdi. – Kimsə pəncərəyə dırmaşanda ayağını bura qoyub.
– Sizcə, o, arxla üzərək evdən qaçıb?
– Başqa cür ola bilməz.
– Deməli, əgər siz qətl törədildikdən yarım dəqiqə sonra otağa gəlmisinizsə, onda qatil bu zaman suda olmalıydı.
– Mən buna əminəm. Təəssüf ki, dərhal pəncərənin yanına qaçmaq fikrimdən keçmədi. Pərdəni çəkib baxmaq ağlıma girmədi. Sonra missis Duqlasın ayaq səslərini eşitdim; onun otağa girib bu dəhşəti görməsinə yol verə bilməzdim.
– Yaxşı tutaq ki, – serjant dedi, – bu qoçaq arxdan keçərək qaçıb. Əgər körpü qaldırılmışdısa, bəs evə necə girib?
– Bu suala cavab verə bilmərəm, – Berker dedi.
– Körpü saat neçədə qaldırılmışdı?
– Saat altıya yaxın, – eşikağası dedi.
– Amma mən eşitmişəm ki, – polis dedi, – körpünü, adətən, günəş batandan dərhal sonra qaldırırlar. İlin bu fəslində günəş altıda yox, təxminən beşin yarısında batır.
– Mister Duqlasın qonaqları vardı, – deyə Ems izah etdi. – Onlar gedənə qədər körpünü qaldıra bilməzdim.
– Deməli, qatil malikanəyə girmək üçün saat altıya qədər körpünü keçməli və mister Duqlas saat on birdən sonra öz otağına gedənə qədər pusquda durub gözləməli idi. Sonra qatil öz tüfəngini burada qoyaraq pəncərədən qaçıb. Mən belə başa düşürəm... Əlbəttə, istintaq hər şeyi aydınlaşdıracaq. – Birdən serjant əyilib cəsədin yanında döşəməyə düşmüş kartı götürdü. Onun üstündə böyük hərflərlə “V.V.”, aşağıda isə 341 yazılmşdı. – Bu nədir?
Berker maraqla karta baxdı.
– Mən heç buna fikir verməmişdim. – o dedi.
– Yəqin, qatildən düşüb.
– “V.V. Üç yüz qırx bir”. Heç nə başa düşmürəm, – deyə sürjant kartı əlində fırlatdı.
– “V.V.” nə deməkdir. Kiminsə ad və soyadının baş hərfləri? Daha nə tapmısınız, doktor?
Doktor buxarının yanında xalçanın üstünə qoyulmuş ağır bir çəkic tapmışdı. Berker əlini uzadıb buxarının mərmər lövhəsi üzərindəki mismar qutusunu göstərdi.
– Mister Duqlas dünən rəsmlərin yerini dəyişdirirdi, – o dedi. – Gördüm ki, bax, bu stulun üstünə çıxıb böyük bir rəsm əsərini divardan asmağa çalışır.
– Yaxşı olar ki, siz çəkici yerinə qoyasınız, – serjant fikirli-fikirli başını qaşıyaraq doktora əmr etdi. – Oho! – Pərdənin o biri tərəfindən tutub çəkərək həyəcanla qışqırdı. – Pərdələr saat neçədə aşağı salınmışdı?
– İşıq yandırılanda, – deyə eşikağası cavab verdi,
– saat dörddən dərhal sonra.
– Kimsə burada dayanıb gözləyirmiş, – deyə serjant künc tərəfdə palçıqlı çəkmə izlərini göstərdi. – Mister Berker, əgər sizin dediklərinizi əsas götürsək, belə çıxır ki, qatil saat dördlə altı arasında, yəni pərdələr aşağı endiriləndən sonra, amma körpü qaldırılana qədər evə girib. Otaqda gizlənməyə yer tapmadığından pərdənin arxasına keçib. Bu tamamilə aydındır.
– Biz vaxt itirmirik? – deyə Berker soruşdu. – Nə qədər ki, qatil qaçıb uzaqlaşmayıb, ərazidə axtarış aparmaq yaxşı olmazmı?
Serjant bir dəqiqəliyə fikrə getdi.
– Buradan səhər saat altıdan tez qatar yola düşmür, deməli o, qatarla gedə bilməz. Əgər yolla piyada getsə, onda hər kəs onun palçıqlı çəkmələrinə diqqət yetirib yadında saxlaya bilər. Amma məni kimsə əvəz etməyənə qədər buradan gedə bilmərəm.
Doktor diqqətlə cəsədə baxırdı.
– Bu nə işarədir? – deyə o soruşdu. – Görəsən, bunun cinayətlə hər hansı bir əlaqəsi yoxdur ki? – Ölünün sağ əli xalatdan çölə çıxmışdı və dirsəyinə qədər açıq idi. Biləyindən bir az yuxarıda qəhvəyi rəngli qəribə işarə vardı: dairənin içərisində üçbucaq. – Bu döymə deyil, – deyə doktor eynəyinin yuxarısından baxaraq sözünə davam etdi. – Bu çoxdan vurulmuş damğadır, mal-qaraya basılan damğalar kimi bir şeydir. Bu barədə nə fikriniz var?
– Duqlasın biləyində bu işarəni son on il ərzində görmüşəm, – deyə Sesil Berker cavab verdi.
– Mən də həmçinin, – eşikağası dedi. – Hər dəfə ağanın qollarını çırmalamaq lazım gələndə bu qəribə işarəni görür və təəccüblənirdim ki, görəsən bunun mənası nədir.
– Deməli, işarənin qətllə heç bir əlaqəsi yoxdur,
– serjant Uilson dedi. – Amma yenə də çox qəribə bir şeydir... Hə, daha nə var?
Eşikağası heyrətlə cəsədin əlini göstərdi.
– Qatil onun nişan üzüyünü çıxarıb!
– Nə?
– Bəli! Mister Duqlas nişan üzüyünü həmişə sol əlinin çeçələ barmağına salırdı. Baxın, onu bu xalis qızıldan qayrılmış üzüyün altından taxırdı, əyri üzüksə üçüncü barmağında olurdu. Qızıl üzüklə əyri üzük barmağındadır, nişan üzüyü isə yoxa çıxıb.
– Eşikağası haqlıdır, – Berker dedi.
– Əgər mister Duqlas nişan üzüyünü qızıl üzüyün aşağısından taxırdısa, onda qatil əvvəlcə qızıl üzüyü, sonra nişan üzüyünü çıxarıb. Daha sonra qızıl üzüyü yenidən cəsədin barmağına keçirib?
– Bəli, elədir.
Uilson məyus-məyus başını yırğaladı:
– Bu işi nə qədər tez Londona təhvil versək, bizimçün bir o qədər yaxşı olar. Uayt Meyson – diribaş adamdır, amma məncə, o da Londona müraciət etməli olacaq. Bu mürəkkəb işi açmağa bizim gücümüz çatmaz.
2 V i k a r i – yepiskopun müavini