Bədbəxt adamlar şəhərdə yaxşı yaşayırlar. Adam şəhərdə yüz il yaşayıb heç dərk də eləməz ki, çoxdan ölüb, lap sümükləri də çürüyüb. Özün haqda düşünməyə vaxt tapmırsan, həmişə başın qarışıq olur. İş, cəmiyyətdəki münasibətlər, səhhət məsələsi, incəsənət, uşaqların sağlamlığı, oxumaq qayğıları. Gah onu-bunu qəbul eləməlisən, tanış-bilişin evinə getməlisən; gah da filan şeyə baxmalısan, filankəsi dinləməlisən. Axı şəhərdə həmişə bir, iki, bəzən də bir neçə səs-küy salan konsert, sərgi, müsamirə olur ki, bunları da heç cür buraxmaq olmaz. Sonra da ki, gah özünü müalicə elətdirməlisən, gah uşaqları, gah da müəllimlə, repetitorlarla, mürəbbiyələrlə görüşməli, söhbət eləməlisən, ömürgün isə boş-boşuna keçib gedir.