Markes: Belə düşünürəm ki, yazıçı peşəsində, yazıçı sənətində təvazökarlıq artıq və gərəksiz məziyyətdir. Çünki əgər sən çəkinə-çəkinə, təvazökarcasına yazmaq niyyətindəsənsə, demək, bütün ömrün boyu elə həmin səviyyədə də qalacaqsan. Gərək dünyada mövcud olan şöhrətpərəstliyin bütün növlərilə silahlanıb qarşına böyük örnəklər qoyasan. Yazmağı öyrənmək üçün mənim seçdiyim örnəklər – Sofokldur, Dostoyevskidir... Və bir halda ki vəziyyət məhz bu cürdür, onda mən axı niyə bu böyük sənətkarlardan pis yazmalıyam? Əksinə, vəzifən ondan ibarət olmalıdır ki, hətta onlardan da yaxşı yazmağa cəhd edəsən.