Hələ günəş çıxmamış oyanar, inəyi sağar. Sonra axşam çalıb kasalarda yığdığı qatıqları götürər, Kurukörpüdə satıb gələr, şirəsi tökülmüş çaydanı təzək ocağının üstünə qoyar, sonra da keçər tikiş maşının arxasına. Maşını bacardığı qədər səssiz işlətməyə çalışmağına baxmayaraq, Həsən Hüseynin atası oyanar, “Aaz, arvad, – deyər, – heç tərbiyə görməmisən? Burda yatmışam, lazımdı sənə, bu dini dönüyün kəşfini taqqıldadırsan?!”