Cümə günü idi. İçərişəhər cümə məscidinin qapısında onlarla ayaqqabı cüt-cüt dinməzcə dayanıb öz sahiblərini gözləyirdi. Namazda ən arxa sırada duran Camal ibadətini bitirib qapıdan hamıdan tez çıxdı. Ayaqqabıların arasından öz cütünü tapıb geyindi. Məscidin önündəki pillələri sürətlə düşüb, tini döndü və üzüyuxarı – keçmiş Baksovet, indiki İçərişəhər metro stansiyası istiqamətində sürətlə getməyə başladı. Yoxuşu qalxıb sola, ilan kimi burulan küçəyə, sonra sağa girdi. Bu dar küçələri, qəfil döngələri gözüyumulu keçirdi, lap balaca vaxtından bu məscidə gələrdi.
Həmişə olduğu kimi, yenə də əhənglənmiş alçaq köhnə bir evin güzgülü pəncərəsinin qabağında dayandı. Bu çox qəribə pəncərə idi – çərçivəsinə şüşə əvəzinə güzgü salmışdılar. Güzgüdə özünə baxdı, saçlarını düzəltdi, gözləri artıq yaxşı görmədiyi üçün başını güzgüyə yaxınlaşdırdı, sağa-sola çevirib diqqətlə üzünə, ağ saqqallarına baxdı, onları sığallayıb səliqəyə saldı. Ağzını açıb dişlərini yoxladı, əvvəlcə üst, sonra alt dişlərini. Yenidən yoluna davam etdi. Növbəti döngədə yolu bağlamışdılar, təmir gedirdi. Günün altında üz-üzə çöməlib yola döşənmiş daşları bircə-bircə çıxarıb qırağa qoyan iki cavan fəhlə Camala arxa küçə ilə getməyi məsləhət gördülər. Onların dediyi kimi etdi, arxa küçəyə keçdi. Heç vaxt yolunu buradan salmamışdı. Qəribə hiss idi, illərdi gəlib-getdiyi, gözüyumulu tanıdığı içərişəhərdə yeni bir küçə kəşf eləmişdi. Sürətini azaldıb yavaş-yavaş ətrafa – evlərə, divarlara, qapılara, pəncərələrə baxmağa başladı.
Buranın qoxusu da fərqli idi. Çiçək ətri gəlirdi. Bu iy küçənin sol tərəfindəki balaca dükanın qarşısına səliqə ilə düzülmüş dibçəklərdəki güllərdən gəlirdi yəqin. Dükanın qapısının solunda və sağında simmetrik düzülmüş sarı, qırmızı güllər adamı dükana cəlb edirdi. Qapıdan yuxarıda divara bərkidilmiş köhnə taxta lövhənin üzərindəki yazılar silinmişdi, oxuya bilmədi. Çox maraqlı idi, qapını açıb içəri – alaqaranlıq bir məkana daxil oldu. Dükanın pəncərələrindəki tünd rəngli qalın pərdələrin arasından içəri sızan gün işığı içəridə havada uçuşan toz zərrəcikləri ilə birləşib bir qədər sakitləşdirici, bir qədər də vahiməli atmosfer yaradırdı. Dükanın iki pəncərəsindən və qapı şüşəsindən içəri daxil olan zəif şüalar qarşıdakı divara doğru bir-birinə yaxınlaşır və otağın sonunda bir yerdə birləşirdilər. Həmin o yerdə isə qədimi bir iş masası və onun arxasında hündür arxalı bir kreslo və o kresloda qəribə geyimli, bol makiyajlı, yaşlı bir qadın oturub kitab oxuyurdu. Qapı cırıldasa da, qadın Camalın içəri girməsini eşitmədi. Sanki öz aləmində idi. Camal maraqla dükanın divarlarına göz gəzdirdi. Deyəsən, rəsm emalatxanası idi. Divarda çox gözəl zövqlə və ustalıqla çəkilmiş müxtəlif insan portretləri asılmışdı, amma onlardan bəziləri yarımçıq idi. Camal öz-özünə fikirləşdi: "Görəsən, həqiqətən də yarımçıq rəsmlərdir, yoxsa bu da bir üslubdur – Yarımçıq portretlər?!".