Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti «X günü» adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harda yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun haçan və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur.
Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk baxışda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir.
Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə çatan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında — Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur.
Amma xilas olurmu?
Müəllif sualın cavabını qəsdən gizli saxlayır və bu müəmma əslində əsərin daha da maraqla oxunmasına xidmət edir.