İkinci fəsil
USTA RƏNGSAZ
Şənbə səhəri gəlib çatdı, yay gününün təmiz havasında hər şey par-par parıldayır, həyat qaynayırdı. Hər kəsin qəlbində bir nəğmə dillənirdi, əgər bu qəlb gəncdirsə mahnısı öz-özünə axırdı. Hər kəsin üzündə sevinc, yerişində bahar duyulurdu. Ağ akasiya çiçəkləmiş, xoş ətrini havaya çiləmişdi.
Hər tərəfdən görünən yamyaşıl Kardif dağı uzaqdan insanlara dinclik, rahatlıq vəd verən gözəl, cazibədar bir diyarı andırırdı.
Tom bir əlində əhəng vedrəsi, o birində uzun fırça səkidə göründü. O, barını gözdən keçirdi, üzündəki şən ifadə yox oldu, ruhunu dərin bir kədər bürüdü. Doqquz fut2 hündürlüyündə, otuz yard3 uzunluğunda taxta barı! Həyat ona boş, yaşayış isə ağır bir yük kimi göründü. O, köksünü ötürərək fırçanı vedrədəki əhəngə batırıb barının taxtalarından birinə çəkdi, bu əməliyyatı bir neçə dəfə təkrarladı, sonra da ağartdığı cüzi parça ilə hələ ağardılmamış hissəni tutuşdurub qəmgin-qəmgin ağacın dibinə çökdü.
Cim əlində dəmir vedrə «Buffalolu qız» mahnısını oxuya-oxuya, atılıb düşə-düşə darvazadan çıxdı. Şəhər quyusundan su daşımaq Toma həmişə cansıxıcı görünürdü, amma indi o bu işə başqa cür baxdı. Yadına düşdü ki, quyunun başı həmişə adamla dolu olur. Həm ağların, həm də zəncilərin uşaqları – oğlanlar, qızlar həmişə quyunun başına yığışıb növbə gözləyə-gözləyə dincəlir, oyuncaqlarını dəyiş-düyüş eləyir, vuruşur, oynayırdılar. Bir də yadına düşdü ki, quyu onların yüz əlli addımlığında olsa da, Cim oradan ən tezi bir saata qayıdır, o da ki, dalınca adam göndəriləndən sonra. Dedi:
– Bura bax, Cim, mən sənin əvəzinə suya gedərəm, sən qal buranı bir az ağart.
– Yox, mister Tom, qoca xanım tapşırıb ki, tez gedim su gətirim, yolda dayanıb heç kəslə söhbət eləməyim. Deyib ki, Tom səni çağıracaq, deyəcək gəl barını ağart, ancaq sən onun sözünə qulaq asma, öz işinin dalınca get. Barıya qalanda, onunla xanım özü məşğul olar.
– Sən ona qulaq asma, Cim. O, çox şey deyə bilər! Vedrəni ver mənə, bircə dəqiqəyə doldurub gətirərəm, onun heç xəbəri də olmaz.
– Yox, qorxuram, mister Tom, qoca xanımdan qorxuram. Başımı bədəndən ayırar, vallah ayırar.
– Polli xala ha! O, heç ömründə adam döyməyib, olsa-olsa barmağındakı üsküklə başına bir-iki çırtma vuracaq, vəssalam. Nə böyük işdir! Düzdür, danlayır, deyinir, ancaq sözdən nə çıxar, axırda özü ağlayır… Cim, sənə kürəcik verəcəyəm! Mərmər zolaqlı ağ kürəcik.
Cim götür-qoy eləməyə başladı.
– Ağ mərmər ey, Cim! Zarafat deyil…
– Ax, özü də necə parıldayır! Mister Tom, ancaq qoca xanımdan yaman qorxuram…
– Hələ istəsən yara olan barmağımı da sənə göstərərəm.
Cim necə olmasa insandı, belə bir maraqlı şeydən imtina etməyə iradəsi çatmadı. O, vedrəni yerə qoyub, ağ kürəciyi aldı, sonra böyük maraqla əyilib, Tomun sarığını açmaqda olduğu yaralı barmağına baxmağa başladı. Bir dəqiqə keçməmiş o, kürəyini qaşıya-qaşıya, əlindəki vedrəni danqıldada-danqıldada küçə ilə bərk qaçırdı. Bu zaman Tom böyük səylə hasarı ağardır, Polli xala isə əlində tuflisi təntənəli bir vüqarla döyüş meydanını tərk edirdi.
Di gəl, Tomun elə canı-dildən işləməsi uzun sürmədi. O, bu günü necə şən keçirməyə hazırlaşdığını fikirləşdikcə qüssəsi artırdı. Bir azdan uşaqlar evlərindən çıxıb cürbəcür maraqlı yerlərə gəzməyə gedəcəklər, onlar Tomun cəza əvəzi belə işlədildiyini görəndə gülüb ona lağ eləyəcəklər… Bunu gözünün qabağına gətirdikcə canı od tutub yanırdı. O, bütün var-dövlətini cibindən çıxarıb gözdən keçirməyə başladı: olanı sınıq-sökük oyuncaqlar, kiçik kürəciklər, hər cür xırda-xuruş idi, bunlar bəlkə də bir şeylə dəyişdirilməyə yarardı, ancaq heç bircə saatlıq azadlıq satın almağa da yetməzdi. Tom miskin əmlakını yenə də cibinə yığıb, uşaqları rüşvətlə yoldan çıxarmaq fikrindən daşındı. Elə bu ağır, ümidsiz dəqiqədə o, birdən-birə ağlına daman parlaq fikirdən ruhlanıb əməlli-başlı ilhama gəldi.
Tom fırçanı əlinə götürüb sakitcə işinə davam elədi. Az keçmiş Ben Rocers küçənin tinindən göründü – Tom hamıdan artıq onun atmacalarından qorxurdu. Ben kefi kök, damağı çağ hoppana-hoppana yeriyirdi. Bu, onu göstərirdi ki, Benin qəlbi sakitdir, o, həyatdan yalnız yaxşılıq gözləyir. Ben alma yeyir, arabir də uzun-uzadı ahəngdar fit verirdi, bunun ardınca isə ən aşağı notda «din-don-don», «din-don-don» səsləri eşidilirdi. Məsələ bunda idi ki, Ben buxar gəmisini yamsılayırdı. O, yaxınlaşdıqca sürəti azaldıb küçənin ortasına tərəf döndü, sağ çiyini üstə əyilib, yavaş-yavaş sahilə yan almağa başladı. Onun çox ciddi, vüqarlı görünüşü vardı, çünki doqquz fut oturumlu «Böyük Missuri» gəmisini təqlid edirdi. O, eyni zamanda həm gəmi, həm buxar mühərriki, həm də gəmi fiti idi, ona elə gəlirdi ki, kapitan körpüsündə dayanıb komanda verir, sonra da öz komandasını yerinə yetirir.
– Maşın, durr! Tin-lin-lin! – Maşın dayandı, gəmi yavaş-yavaş səkiyə yanaşdı. – Geriyə! – Ben qollarını aşağı salıb şax saxladı. – Sükanı sağa! Tin-lin-lin! Çu! Ç-çu-u! Çu! – Sağ əl havada təntənəli bir əda ilə çevrə cızmağa başladı, bu, qırx futluq çarx idi. – Sükanı sola! Tin-lin-lin! Çu-ç-çu-çu! – İndi də sol əl havada çevrə cızmağa başladı… – Sağ kənar. Tin-lin-lin! Dayan! Sol kənar. Sürəti azalt! Maşın, durr! Tin-lin-lin! Çu-ç-çu-u! Kəndiri tulla! Cəld ol! Kəndiri neyləmisiniz! Orada nə eşələnirsən! Bağla! Belə, indi burax!.. Maşın durdu, ser! Tin-lin-lin! Ş-ş-ş (indi gəmi buxar buraxırdı).
Tom gəmiyə qətiyyən məhəl qoymadan barını ağartmaqda davam edirdi. Ben gözlərini ona dikib soruşdu:
– Aha, deyəsən, yedəklənmisən! Yaxşıca ələ keçmisən!
Cavab çıxmadı. Tom fırça çəkdiyi yeri bir rəssam gözü ilə nəzərdən keçirib, fırçanı həmin yerə ehtiyatla bir də çəkdi, sonra azca gendə durub, öz işinə vüqarla tamaşa elədi. Ben yaxına gəlib onun yanında durdu. Almanı görəndə Tomun ağzı sulandısa da, udqunub yenə həvəslə işinə davam elədi. Ben dedi:
– Hə, dost, deyəsən, işləmək lazım gəlir, hə?
Tom tez ona sarı dönüb dedi:
– Ben, sənsən? Gəldiyini heç görmədim!
– Bura bax, Tom, mən çimməyə gedirəm. Sən istəmirsən? Yox, əşi, sən yəqin işləyəcəksən, hə? Bir də nə söz ola bilər, əlbət ki, işləmək daha maraqlıdır!
Tom diqqətlə Benin üzünə baxıb soruşdu:
– Sən iş nəyə deyirsən?
– Səncə, bəs bu iş deyil?
Tom işini görə-görə etinasız cavab verdi:
– Nə bilim, bəlkə işdir, bəlkə də heç iş deyil! Bircə onu bilirəm ki, Tom Soyyerin ürəyincədir.
– Əşi, burax görək! Guya barı ağartmaqdan çox xoşun gəlir!
Fırça yenə də barı boyunca müntəzəm surətdə enib-qalxırdı.
– Xoşuma gəlir? Niyə də gəlməsin, bizim kimilərinə barı ağartmaq həmişə qismət olmur.
Bundan sonra iş Benin gözündə dəyişib başqa şəkil aldı. O, alma gəmirməyindən əl çəkdi. Tom fırçanı ehtiyatla irəli-geri aparır, arabir öz işinin nəticəsindən həzz almaq üçün dayanıb baxır, sonra yenə fırçanı işə salırdı. Ben onun bütün hərəkətlərinə diqqət yetirdikcə bu işə marağı artırdı. Birdən o dedi:
– Bura bax, Tom, ver bir az da mən ağardım!
Tom fikirləşdi, əvvəlcə razılaşmağa hazır kimi göründü, sonra isə birdən fikrini dəyişdi.
– Yox, Ben, baş tutmaz. Polli xala bu barının üstündə yamanca əsir. Bilirsən, bura barının küçəyə baxan tərəfidir. Əgər həyətə baxan tərəf olsaydı, o heç nə deməzdi, heç mən də dillənməzdim. Axır ki, bu barı üçün xalam əldən-ayaqdan gedir! Buranı, bilirsən, necə ağartmaq lazımdır? Məncə, min uşağın, iki min uşağın içində biri ancaq tapılar ki, bu barını əməlli-başlı ağarda bilsin.
– Yox, canım! Qoy heç olmasa mən də bir az ağardım, bax… Lap azca… Tom, mən sənin yerinə olsaydım, qoyardım!
– Ben, mən həvəslə razı olardım, sənə hindu kimi söz verirəm, ancaq bilmirəm Polli xala nə deyər? Cim də ağartmaq istəyirdi, amma xalam qoymadı. Sid də istəyirdi, heç Sidi də qoymadı. Məsələ belədir. Deyək ki, sən barını ağartmağa başladın, birdən bəlkə…
– Nə danışırsan, Tom, mən lap ürəyin istəyən kimi ağardaram! Sən ver, bir sınaqdan keçirim. İstəyirsən almanın yarısını sənə saxlayım?
– Nə deyirəm… Amma yox, Ben, yaxşısı budur əl vurmayasan. Mən qorxuram.
– Almanın hamısını sənə verərəm!
Tom üzdə könülsüz, ürəyində sevinə-sevinə fırçanı əlindən verdi. Sabiq «Böyük Missuri» gəmisi isti günün altında tər tökə-tökə zəhmət çəkəndə, işdən aralanmış rəssam kölgəlikdəki çəlləyin üstündə əyləşib ayaqlarını yellədə-yellədə alma gəmirir, sadəlövh adamları tora salmaq üçün yeni plan üzərində düşünürdü. Bu, heç də çətin deyildi: küçə ilə onun yanından hər dəqiqə uşaqlar keçirdilər; onlar əvvəlcə Toma gülüb lağ eləmək üçün ayaq saxlayır, sonra isə orada qalıb barını ağartmalı olurdular.
Ben yorulub əldən düşəndə Tom ikinci növbəni kağızdan düzəldilmiş köhnə bir çərpələngə Billi Fişerə satdı. Fişer də yorulanda onu Conni Miller əvəz eləyib, bunun müqabilində Toma bir ölü siçovul, üstündə də ip verdi ki, siçovulun quyruğundan yapışıb fırlatmaq asan olsun. Beləliklə, saatlar dəyişdikcə uşaqlar da bir-birini dəyişirdi.
Yoxsul, dövlətsiz Tom günortayacan əməlli-başlı varlanıb cah-cəlal içində üzdü. Yuxarıda saydığımız qiymətli şeylərdən başqa onun on iki kürəciyi, sınıq mizqanı, gözə tutub baxmaq üçün göy şüşə qırığı, boş qarqarası, heç bir kilidə düşməyən açarı, bir parça tabaşiri, büllur qrafin qapağı, qalay əsgərciyi, bir cüt çömçəquyruğu, altı taraqqası, bir gözü kor pişik balası, mis qapı dəstəyi, itsiz xaltası, bıçaq sapı, dörd parça portağal qabığı, bir də köhnə pəncərə çərçivəsi vardı.
Tom heç bir iş görmədən vaxtını çox şən keçirdi, barıya üst-üstə üç dəfə əhəng çəkildi. Əgər onun əhəngi qurtarmasaydı, şəhərin bütün uşaqlarını müflis eləyəcəkdi.
Tom fikirləşdi ki, həyatda yaşamaq o qədər də pis deyilmiş. O, insan hərəkətlərini yönəldən böyük bir qanunu özü də bilmədən kəşf eləmişdi: istər uşağın, istərsə də yaşlı adamın nəyisə arzulaması üçün bircə şərt var – gərək o adam qabaqcadan bilsin ki, istədiyinə çatmaq asan deyil.
Tom vəziyyətin kökündən dəyişməsi ətrafında bir müddət də fikirləşəndən sonra məlumat vermək üçün baş qərargaha yollandı.
2 Fut – 0,3 metr
3 Yard – 0,9 metr