İtaət öz yerini sevgiyə vermişdi. Məhəbbət Ağ Dişdə elə dərin hisslər yaratmışdı ki, itaət heç vaxt bunu edə bilməzdi. Ağ Diş sevgiyə sevgiylə cavab verirdi. O, Allaha, təmiz, müqəddəs allaha rast gəlmişdi və bu allahın yanında günəşdən işıq udan bitki kimi çiçək açmışdı. Ağ Diş öz hisslərini izhar edə bilmirdi. O, artıq cavan deyildi və bunun üçün çox ğırlaaşmışdı. Uzun müddət tənha gəzməsi onu dözümlü əv qaşqabaqlı eləmişdi. Onun qaraqabaq təbiəti çoxillik təcrübəsinin nəticəsiydi. Hürməyi bacarmırdı və öz sahibini, allahını hürməklə salamlamağı öyrənə bilmirdi. Ağ Diş heç vaxt sahibinin gözünə girməz, özünü şirin salmaq, məhəbbətinin izharı üçün ıatlıb düşməzdi. Heç vaxt sahibinin qabağına yüyürməzdi, bir kənarda durub gözlərdi. Amma həmişə, hər an gözləyirdi. Onun sevgisi lal-kar idi, bu sevgini ürəyində, canında məftunluqla gəzdirirdi. Ağ Dişin səmimi hisslərini yalnız sahibinin hər bir hərəkətini izləyən gözlərindən oxumaq olardı. Skott ona baxıb danışanda Ağ Diş sıxılar, bütün vücudunu çulğamış sevgi hissini ifadə etməyi bacarmazdı.