Herman Melvil öz dövründə — yəni XIX əsr Amerika ədəbi mühitində tanınmayan, sayılıb-seçilməyən yazıçılardan idi. Hətta o qədər ki, 1891-ci ildə öləndə “Nyu-York Times” qəzeti adını səhv yazmışdı: Henri Menvil… “İletişim” nəşriyyatı Melvilin “Katib Bartlibi” povestini Borxesin ön sözü ilə nəşr edib: “Yazıçının ölümündən 20 il sonra Britaniya Ensiklopediyası” ondan uğursuz dəniz əhvalatlarını qələmə alan yazıçı kimi söz açırdı”. 1851-ci ildə indiki dünyanın ən yaxşı romanlarından hesab olunan, vaxtında heç kimin diqqətini çəkməyən “Mobi Dik”i çap etdirdi və uğursuz ədəbi taleyi üzündən 33 yaşlı Melvil əməlli-başlı ruh düşkünlüyü yaşadı, nə edəcəyini bilmədi. Bu azmış kimi, 1853-cü ildə nəşriyyatın anbarında yanğın baş verdi, yazıçının kitabları məhv oldu. Əl-qərəz, bizim 80-cilər nəslinin təbirincə desək, qəhrəmanımız “naxışı gül açmayan”, “qədri sonra bilinən” yazıçı tiplərindəndir. Ta ötən əsrin 20-ci illərinə qədər ki, onun haqqında kitablar yazıldı, əsərləri yenidən nəşr olundu, romanlarına filmlər çəkildi.
Bu kitabı dünyanın üzünə deyilən ən sərt “Yox” nidası hesab edirlər.