Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün onların arxasında kim dayanıb…