Bir bazar gününün səhəri Nyu-York metrosunda başıma gələn kiçik bir paradiqma dəyişimini xatırlayıram. Yerlərində sakitcə oturan sərnişinlərdən kimisi qəzet oxuyurdu, kimisi fikrə dalmış, kimisi də gözlərini yumub mürgüləyirdi. Hər tərəfdə sakitlik idi.
Birdən vaqona bir kişi girdi, yanında da uşaqları. Uşaqlar qışqırır, ədəbsiz hərəkətlər edirdilər. Bir anda vaqondakı səhər əhvali-ruhiyyəsi korlandı.
Kişi lap yanımda oturdu, gözlərini də yumdu. Baş verənləri açıq-aşkar görməzliyə vurdu. Uşaqlar çığırışır, oyana-buyana dartınır, əllərindəkiləri tullayır, hətta sərnişinlərin əlindəki qəzetə əl atırdılar. Biabırçılıq idi. Amma böyrümdə oturan kişi heç bunlara məhəl qoymurdu.
Hirs məni boğurdu. İnana bilmirdim – adam nə qədər hissiz-duyğusuz olmalıdır ki, belə şeyə məhəl qoymasın, özünü elə aparsın ki, guya heç nə baş vermir. Sərnişinlərin hamısı, demək olar ki, qəzəbli idi. Nəhayət, kişiyə tərəf dönüb, özümə də qəribə gələn təmkinlə və sakitcə dedim:
– Ser, gömürsünüzmü, sizin uşaqlar bu qədər adamı narahat edir. Olmazmı, onları sakitləşdirəsiniz?
Kişi mənə elə baxdı ki, elə bil indicə yuxudan durub, nə baş verdiyini bilmir. Sakitcə dedi:
– Hə, doğrudan a... Düz deyirsiniz, nəsə etmək lazımdır... Biz xəstəxanadan gəlirik, bir az bundan qabaq orada uşaqların anası vəfat etdi, mənim fikirlərim çox qarışıqdır, onlar da yəqin buna görə özlərində deyillər...
Təsəvvür edirsiniz, o anda mən nələr hiss etdim? Mənim paradiqmam dəyişdi. Birdən mən hər şeyə ayrı cür baxdım, başqa cür fikirləşməyə başladım, başqa cür hiss etməyə, özümü başqa cür aparmağa başladım. Qəzəbim dağıldı getdi. İndi bu insana qarşı münasibətim, hərəkətim haqqında düşünməyə ehtiyac yox idi. Qəlbim bu adama rəğbətlə doldu. Dərdinə şərik olmaq, ağrısını bölüşmək keçdi ürəyimdən.
– İndicə arvadınız ölüb? Allah xatirinə, bağışlayın. Necə olub bu? Nə kömək edə bilərəm?
Bir anda hər şey dəyişdi.