Nəcib Məhfuzun “Qahirə romanları” silsiləsinə daxil olan “Yeni Qahirə” romanı təhsili yenicə başa vurmuş, gələcəyə ümid və həyacanla baxan dörd gəncin hekayəsidir. Dördü də istedadlıdır. Dördü də cəmiyyətin “orta təbəqəsi”-nə aiddir. Universiteti bitirən gənclər acı bir həqiqətlə üzləşirlər – nazirlikdə onların bilik və istedad baxımından layiq olduğu yerlər artıq tutulmuşdur… nazirin qohumları tərəfindən.
Roman Misirdə gedən sosial-iqtisadi dəyişiklikləri, şəhərin yenidən tikilib dəyişilməsini deyil, yeni nəslin, yeni ictimai-fəlsəfi baxışların yaranmasını əks etdirir. Romanın baş qəhrəmanı Məhcub əl-Daim oxucu qarşısında heç bir mənəvi dəyərləri olmayan və yalnız özünü düşünən xudbin bir obraz kimi dayanır. Məhfuzaqədərki Misir nəsrində heç vaxt hamı tərəfindən qəbul olunmuş dəyərləri Məhcub qədər ələ salan, təhqir edən bir obraz olmamışdır. Özünə rəhbər tutduğu şüar isə onun əsl kimliyini göstərir: din+elm+fəlsəfə+mənəviyyat=cəfəngiyat! Müəllif romanda iblis libası geyinmiş Məhcub, onun sevdiyi qadın və mənəviyyatsız nazirlə yanaşı, Məmun Ridvan, Əli Taha, Əhməd Bədir kimi qəhrəmanları da verməklə cəmiyyətin, bəşəriyyətin, insani dəyərlərin hələ də məhv olmadığını göstərir.