Dərgi variantında əsərin baş qəhrəmanının adı Asiadeh getmişdir (bundan sonra isə Asiyadeh). Müəllifin bu adı seçməsinin səbəbi indiyə qədər heç bir qaynaqda göstərilməmişdir və bizə elə gəlir ki, Qurban Səid onu heç də təsadüfi seçməmişdir, əksinə, baş qəhrəmana Asiyadeh adını qoymaqla dilçilikdə, eləcə də ədəbiyyatşünaslıqda geniş yayılmış «danışan ad» ədəbi «fəndindən» bacarıqla yarınmışdır.
Bəllidir ki, bədii əsərlərdə bəzən adlar danışır, yəni ad müəyyən məna daşıyır və o, obrazın xarakteri barədə oxucuya ilkin işarə verir. Bu cür danışan adlara biz Azərbaycan ədəbiyyatında bir qayda olaraq satirik əsərlərdə və komediyalarda (Bərbərzadə, Maral, Zülümov) rast gəliriksə, Avropa ədəbiyyatında, o cümlədən alman dilli ədəbiyyatda belə fəndə ciddi romanlarda da tez-tez təsadüf olunur. Məsələn, Hans Falladanın «Təklər təklənər ölər» romanında çuğul obrazının adı Klebs («Tutqal, Yapışqan»), xeyirxahlıq timsalı olan qəhrəmanın adı Fromdur («Mömin, Saleh»).
Məhz Qurban Səid də əsərinin baş qəhrəmanına Asiyadeh adı verərkən müəyyən məqsəd güdmüşdür. O, Azərbaycan dilinin sözdüzəltmə modelindən məharətlə yarınaraq «Asiya» xüsusi ismindən və «deh» şəkilçisindən «cavabdeh» sözünün qəlibi ilə yeni bir xüsusi isim yaratmışdır: Asiyadeh, yəni Asiyanın təmsilçisi, Asiyanın daşıyıcısı. Zira alman dilində «Asiya» qitəsinin adı „Asien“ (deyimi: Azien), «asiyalı» məfhumunu bildirən söz isə „Asiafdır” (deyimi: aziat).
Baş qəhrəmana müəllifin Asiyadeh adını verməsini biz təsadüfi saymırıq ona görə ki, Asiyadeh bütün əsər boyu Asiyanın təmsilçisi, daşayıcısı kimi çıxış edir, bu mədəniyyətin, bu mentalitetin uğurları ilə öyünür, uğursuzluqlarına məyus olur, göz yaşı axıdır.