“…Mən bütün işlərimdən qabaq gərək “Zona”nı nəşrə hazırlayardım. Axı mənim başabəla yazıçılığım məhz bundan başlayıb…”
“…Nəzarətçi kimi xidmətə başlayanda mən məhkumun simasında bir qurban görməyə hazır idim. Öz timsalımda isə — divantutan. Cəmisi bir həftədən sonra bütün xülyalarım heçə yuvarlandı. Mən qazamatla azadlıq arasında heyrətamiz oxşarlıq aşkar etdim… Qadağaların hər iki üzündən eyni dünya boylanırdı — vahid və insafsız…”
“…İdrakım alışdığı əndazədən çıxırdı. Özüm haqda üçüncü şəxs qismində düşünməyə başlayırdım… Ətrafda tükürpərdici vaqiələr baş verirdi. Adamlar heyvanlara çevrilirdi. Biz insan sifətini itirirdik — aclıqdan, alçalmaqdan, qorxu-iztirabdan… Mənim bədən üzvlərim təbdən düşmüşdü. İdrakımsa sarsılmaqdan qurtula bilmişdi… Aclıq, ağrı, xiffət — bütün bunlar yenilməz idrakımın əvəzsiz xammalına çevrilirdi…”
“…Əslində, mən artıq yazmağa başlamışdım. Mənim ədəbiyyatım — həyatımı tamamlayırdı. Belə bir tamamlama olmadan həyatım heç nəyə yaramazdı. Bütün bunları kağıza köçürmək qalırdı. Mən SÖZ axtarışına çıxmışdım…”