Övladım, üzləşdiyim dolanbacın bütün hallarına şahid olan bu dəniz məni yenə də aparır, o dəniz ki, bu gün səni ilk sürgün yerinə aparır. Sən Romada afrikalı balasıydın, Afrikada isə rumlu balası olacaqsan. Harda olsan da, sənin dərini və dualarını araşdırmaq istəyənlər tapılacaqdır. Övladım, onların instinktlərini oyatmaqdan çəkin, kütlənin təzyiqinə boyun əyməkdən saqın. Müsəlman da olsan, yəhudi də, nəsrani də, səni olduğun kimi qəbul eləməlidirlər, ya da sən onları tərk eləməlisən. Haçan sənə elə gəlsə ki, adamların düşüncəsi dardır, özünə de ki, Allahın torpağı geniş, əlləri və qəlbi əngindir. Bütün dənizlərin arxasına, bütün sərhədlərin, vətənlərin və etiqadların o biri üzünə uzaqlaşmaqda tərəddüd eləmə.