Yüz il bundan əvvəl, 1867-ci il sentyabrın 14-də Almaniyada, Hamburqda K.Marksın “Kapital” əsərinin birinci cildi nəşr edilmişdir. Bir əsr ərzində bu kitab kapitalist əsarətinə qarşı mübarizədə fəhlə sinfinin və bütün qabaqcıl bəşəriyyətin əlində qüdrətli ideya silahı olmuşdur. Marks və Engels “Kommunist partiyasının manifesti”ndə və “Kapital”dan əvvəl çıxan başqa əsərlərində kapitalizmin labüd surətdə məhv olacağını əvvəlcədən söyləmiş və göstərmişdilər ki, fəhlə sinfi kapitalizm quruluşunun qəbirqazanı və yeni cəmiyyətin, sosializm cəmiyyətinin yaradıcısı kimi böyük bir tarixi vəzifəni yerinə yetirməlidir. Məhz buna görə də fəhlə sinfinin elə bir elmi iqtisad nəzəriyyəsinə ehtiyacı var idi ki, bu nəzəriyyə kapitalizmin meydana gəlməsi, inkişafı və məhv olması qanunlarını axıradək və hərtərəfli aşkara çıxarsın, kapitalizmin yerini hökmən sosializmin tutmalı olmasına dair təkzibedilməz sübutlar versin. Bu nəhəng vəzifəni Marks öz üzərinə götürdü; bu vəzifənin yerinə yetirilməsinə o bütün həyatının məhsulu və elmi kommunizmin başlıca əsəri olan “Kapital” əsərini həsr etmişdir.