— Siz öz yalanınızla məni şəkər plantasiyalarında kölə vəziyyətinə salanda mənə çox yazığınız gəlmişdi? Bunu sizə deyəndə siz dəhşətdən titrəyirsiniz... Ay yumşaq ürəkli müqəddəs adam! Sizin vur-tut bir oğlunuz olub! Deyirsiniz ki, səni sevirəm...
Yaman da sevirsiniz! Sizin məhəbbətiniz mənə çox baha oturdu. Yoxsa siz elə zənn edirsiniz ki, hər şeyi yenə də yoluna qoyarsınız, məni də əvvəlki Artur eləyə bilərsiniz? Elə bir adamı ki, çirkli vayxanalarda qab-qacaq yumuş, saxladıqları heyvanlardan da pis olan fermerlərin tövlələrini təmizləyib. Elə bir adamı ki, köçəri sirkdə qalpaqlı, zınqırovlu oyunbaz, öküz, döyüşdürülən meydanda matadorların96 xidmətçisi və köləsi olub. Elə bir adamı ki, onu yəhərləyib minmək həvəsində olan hər heyvanın arzusunu yerinə yetirib! Elə bir adamı ki, aclıq çəkib, onu ayaq altına alıb tapdalayıblar, onun üzünə tüpürüblər, o əl açıb dilənib, kif basmış yemək törtöküntüsünü istəyib, lakin bunu da verməyiblər, çünki bu şeyləri yemək itlərin haqqı idi! Ah, mən nə üçün bunları sizə deyirəm! Sizin sayənizdə başıma gələn müsibətləri saymaqla qurtarmaz. İndi də durub mənə məhəbbətinizdən dəm vurursunuz! Bu çox böyük bir məhəbbətdirmi? Bu məhəbbətdə elə qüvvə varmı ki, ondan ötrü öz etiqadınızdan əl çəkə biləsiniz? İsa sizdən ötrü nə eləyib, hə? O sizdən ötrü nə olmazın əziyyətlər çəkib ki, siz onu məndən çox istəyirsiniz? Siz onu yaralanmış qolları üçünmü sevirsiniz? Onda mənim qollarıma baxın! Buna da baxın, buna da, buna da..