Çağdaş Amerika ədəbiyyatının ən nəzərə çarpan yazıçılarından biri olan Paul Austerin “Nyu York Trilogiyası” “Ölümdən əvvəl oxunmalı 1001 əsər” siyahısındakı əsərlərdəndir. Bu kitab — “Şüşə Şəhər”, “Qarabasmalar” və “Qıfıllı Otaq” romanlarından ibarətdir. Detektiv romanla postmodern strukturun sintezindən ibarət olan və Kafka yaradıcılığına uyğun bir üslubla yazılmış üç romanda yazıçı öz oxucusunu qıfıllı otaqlarda, keçmişdə və gələcəkdə, təhlükəli küçələrdə, xaotik və qarışıq xarakterə bürüdüyü qəhrəmanının arxasınca gəzdirdiyi ərəfədə, romanın hər səhifəsinə səpələdiyi kiçik işarələrə məna verməyi oxucunun öhdəsinə buraxır. O, qəhrəmanlarını həqiqi və ya xəyali qıfıllanmış otaqlara salır, azadlığı ancaq oradan qaçıb xilas olaraq əldə edə biləcəkləri bir dünya qurur, xilas üçün açarlar da verir. “Nyu York Trilogiyası” adi oxucu üçün sadəcə qıfıllı bir otaq və ya güzgülərlə doldurulmuş dəhlizdir, peşəkar oxucu üçün isə bu trilogiya, dünyanı tamamilə başqa prizmadan gözlərimizin qabağında nümayiş etdirərək ruhumuzdakı yaraları göstərən bir ümmandır.