rlayan vəzir heç ağlına gətirmirdi ki, Şafirovun cibində çarın tərtib etdiyi təlimat var. Təlimat vitse-kansleri daha böyük güzəştlərə getməyə vəkil edirdi. Sülh müqaviləsi bağlanması xətrinə Pyotr ələ keçirilən bütün əraziləri nəinki türklərə, həm də isveçlilərə qaytarmağa hazır idi. Üstəlik, çar, hətta Pskovu, “əgər Pskov azlıq etsəydi, başqa əyalətləri də” isveçlilərə güzəştə gedəcəkdi.
Bu təlimat Şafirova iyulun 10-da, yəni türklərin ordugahına getdiyi ərəfədə təqdim olunmuşdu. Ertəsi gün, vəzir və Şafirov müqaviləni hələ imzalamamışdan əvvəl çapar Pyotrun yeni sərəncamını vitse-kanslerə çatdırdı. Sərəncamdan məlum olurdu ki, rusların ordusunda vəziyyət olduqca ağırdır. Çar yazırdı: “Əgər sülhdən söz salsalar, onda nə istəsələr razılaşın, əsir düşməndən başqa”. Əsirlikdən yaxa qurtarmaq üçün çar hər yeri: Azovu, Taqanroqu, Baltik dənizinin sahillərini – ölkəyə iki Azov, iki Narva, Lesnaya və Poltava yürüşləri bahasına başa gəlmiş bütün torpaqları qaytarmağa razılaşırdı. Pyotrun çox qiymətləndirdiyi “Behişt” ilə birlikdə İnqriya da qurban verilirdi.