Psixoloji Vəziyyətinizə Diqqət Yetirin. Əhvalınızın Olmadığı Məqamlar Sizi Çaşdırmasın
Psixoloji vəziyyətiniz həddindən artıq aldadıcı ola bilər. Həmin ana məxsus ruh halınız sizi yanıldıb, həyatınızın həqiqətdə olduğundan daha pis keçdiyinə inandıra bilər. Ruh halınız yaxşı olanda həyat sizə çox gözəl görünür. Nöqteyi-nəzəriniz doğru, intuisiyanız və məntiqiniz yerindədir. Bu vaxt heç nə sizə çətin gəlməz, problemlər daha dözülə bilən və asan həllolunan görünür. Ruh halınız yaxşı olanda münasibətləriniz yağ kimi gedir. Tənqid olunduğunuz zaman bunu anlayışla qarşılayırsınız.
Lakin bunun əksi – mənfi ruh halında olanda həyat sizə dözülməz dərəcədə ciddi və çətin görünür. Hadisələrə münasibətiniz daralır. Həmişəkindən daha küsəyən olur, ətrafınızdakıları səhv başa düşüb, hərəkətlərində pisniyyət axtarırsınız.
Məsələnin məğzi belədir: insanlar hər zaman yaxşı ruh halında olmadıqlarının fərqində deyillər. Bunun yerinə bir gündən, hətta bir saatdan bəri qəfildən işlərinin qaydasında getməməyə başladığını güman edirlər. Məsələn, həmin səhər yaxşı əhvalla oyanan adam həyat yoldaşını, işini və avtomobilini sevir. Gələcəyi haqqında pozitiv fikirləşir, böyük ehtimalla keçmişi üçün şükür edir. Lakin o gün axşama doğru əhvalı dəyişib pozulsa, işinə nifrət etdiyini söyləyəcək, arvadını dözülməz hesab edəcək, avtomobili isə artıq onun gözündə dəmir yığını olacaq. O insan peşəsində artıq irəliləyiş olmadığına inanır. Pis ruh halı içində olan adamdan uşaqlığı haqqında soruşsanız, çətinliklə keçdiyini deyəcək, çox güman ki, o anda yaşadığı sıxıntılar üçün valideynlərini günahlandıracaqdır.
Belə tez yaranan ziddiyyətlər bizə yersiz, hətta gülünc görünə bilər... Amma hamımız beləyik. Qanımız qara olanda hadisələrə baxışımız bulanıqlaşır və hər şeyin təcili olduğunu qəbul edirik. Kefimiz kök olanda isə dünyanın gözümüzə gözəl göründüyünü yaddan çıxarırıq. Eyni həyat yoldaşı, eyni maşın, eyni keçmiş və gələcək imkanları kimi zərrə qədər dəyişməyən şərtləri ruh halımıza görə tamamilə fərqli dəyərləndirə bilərik. Qanımız qaralanda günahı, əslində, əhvalımızda axtarmaq əvəzinə, bütün həyatımızın qəfildən korlandığına inanmağa meyil göstəririk. Son bir neçə saatın içində hər şeyin, həqiqətən, alt-üst olduğuna inanmağa başlayırıq.
Əslində, həyat heç vaxt insanın əhvalının pis olduğu vaxtlardakı kimi pis deyildir. Bütün hadisələrə realist nəzərlərlə baxdığımızı güman edib, bu pis əhv al-ruhiyyədə qalmaq yerinə, fikirlərinizi mühakimə etməyi öyrənə bilərsiniz. Özünüzə: “ Təbii ki, indi hirsliyəm (incimişəm, gərginəm, bu dəqiqə partlayacağam), çünki kefim yoxdur” — deyin. Qanınız qara olanda hər şeyə mənfi nəzərlərlə baxdığınızı qəbul edin. Kefiniz pisdirsə, bunu olduğu kimi qəbul edib, üstündən ötməyə çalışın. Bu situasiyaya hər bir insan düşə bilər və üstünə düşməsəniz, zamanla keçib gedər. Həyatınızı təhlil etmək üçün seçiləcək ən pis vaxt budur. Bu, emosional intihara bərabərdir. Əgər doğrudan da, probleminiz varsa, ruh halınız və məntiqiniz düzələndən sonra yenidən