Başqalarını Günahlandırmaqdan Əl Çəkin
İşimiz istədiyimiz kimi alınmayanda çoxumuz belə fikirləşirik: “Şübhəyə düşmüsənsə, mütləq başqasının günahıdır”. Hara baxsaq, bu fərziyyə qarşımıza çıxır. Nəsə itsə, mütləq kimsə onun yerini dəyişdirib; avtomobiliniz işləmirsə, yəqin, mexanik yaxşı təmir etməyib; xərcləriniz gəlirinizi vurub keçibsə, yüz faiz, həyat yoldaşınız çox pul xərcləyir; eviniz çox tör-töküntülüdürsə, sizdən başqa heç kim öhdəsinə düşəni etmir; layihəniz vaxtında çatdırılmayıbsa, mütləq iş yoldaşlarınız işə səhlənkar yanaşıblar. Bu növ misalları sadalamaqla qurtarmaz.
Bu cür günahlandırıcı düşüncə tərzi son dövrlər mədəniyyətimizdə çox yayılmışdır. Fərdi planda biz hərəkətlərimizə, problemlərimizə və ya xoşbəxtlik dərəcəmizə görə qətiyyən özümüzün məsuliyyət daşımadığını təlqin edirik. Sosial planda isə həmin fikirlər bizi axmaq səbəblərə görə məhkəmələrə salır, gülünc bəhanələr irəli sürməyimizə səbəb olur.
Başqalarını günahlandırmaq xüsusiyyətimiz varsa, hər cür qəzəb, kədər, depressiya, stress və talesizliyimizi həmişə başqalarının boynuna yıxırıq.
Şəxsi xoşbəxtliyimiz nöqteyi-nəzərindən insanın başqalarını günahlandırdığı vaxt xoşbəxt olması qeyri-mümkündür. Şübhəsiz ki, bəzən başqa insanların və ya şərtlərin problemlərimizə təsir etdiyi hallar olur. Lakin söhbət xoşbəxtliyimizdən gedəndə ayağa qalxıb bütün məsuliyyəti öz üstümüzə götürməliyik. Mövcud şərtlər insanı formalaşdırmır, sadəcə, istiqamət göstərir.
Bunu görmək üçün həyatınızdakı hansısa hadisəyə görə başqalarını günahlandırmaqdan əl çəkin və nələr olacağını gözləyin. Bu, ətrafınızdakı insanları öz hərəkətlərinə görə məsuliyyətdən azad etmək mənasına gəlmir. Sadəcə, siz öz xoşbəxtliyiniz, başqalarına verdiyiniz reaksiyalar və mövcud şərtlərə görə özünüzü məsul hiss edin.
Eviniz tör-töküntülüdürsə, öhdənizdəki işi yalnız özünüzün görəcəyinizə dair fərziyyənizi bir qırağa qoyun, evi yığışdırın. Büdcəni keçmisinizsə, harada daha az pul xərcləyə biləcəyinizi araşdırın. Ən əsası, qəmgin olanda sizi xoşbəxt edə bilən yeganə şəxsin özünüz olduğunu xatırlayın.
Başqalarını günahlandırmaq sizdən çox böyük enerji aparır. Bu, sizi stressə salan xəstəlik kimidir. Ətrafınızdakıların boynuna günah qoymaq özünüzü aciz hiss etməyinizə səbəb olur. Çünki bununla həyatınıza nəzarət edə bilmədiyinizi, xoşbəxtliyinizin başqalarının hərəkət və davranışlarına bağlı olduğunu qəbul edirsiniz. Günahlandırmaqdan əl çəkən kimi şəxsi gücünüzü yenidən qazandığınızı hiss edəcəksiniz. Seçimləri birbaşa özünüzün etdiyini görəcəksiniz. Onda biləcəksiniz ki, qanınız qara olan vaxtlarda həmin əhval-ruhiyyənin yaranmasında baş rolu özünüz oynamısınız. Bu, daha çox təzə müsbət fikirlərin yaranması üçün baş rolun sizdə olduğu deməkdir.
Başqalarını günahlandırmaqdan əl çəkəndə həyat daha asan və əyləncəli olacaq. Sınaqdan keçirin və görün.