— Həmişə elə bilirdim ki, musiqidə tayım bərabərim yoxdu, amma bu qız məni ötüb keçirdi. Ona lap heyfim gəlirdi. Uşaq vaxtı yaxşı müəllim əlinə düşsə, peşəkar musiqiçi ola bilərdi. Amma alınmazdı. O, sistemli şəkildə dərs öyrənməyi bacaranlardan deyildi. Dünyada belə adamlar var. O adamların böyük istedadları, qeyri-adi bacarıqları olur, amma intizama sığmadıqları, çalışqan olmadıqları üçün onlardan heç nə alınmır. Mən belə adamları çox görmüşəm. Məsələn, elə adamlar var ki, bircə dəfə nota baxan kimi səlis çala bilirlər. Yəni yaxşı bacarıqları varsa.
Məndəsə elə alınmır. Amma o adamlar ondan artığını da bacarmırlar. Niyə?! Çünki zəhmət çəkmək, cəhd eləmək istəmirlər. Onlar istedadlarına təkan verəcək məşqlərə zəhmət sərf eləmək istəmirlər. Elə adamlar öz bacarıqlarını dəfn eləyirlər. Elələrində anadangəlmə qeyri-adi istedad olur – bu istedadın sayəsində onlar çətinlik çəkmədən oxuyur, hamı onları tərifləyir, hamı onların necə bacarıqlı olduğunu deyir. Amma elələrinə zəhmət və məşq gülməli, lazımsız görünür. Bir uşağın üç həftəyə hazırladığı pyesi belələri bircə həftəyə öyrənir, müəllim baxır ki, bu uşağın yaxşı bacarığı var, onu tez növbəti mərhələyə dartır, həmin mərhələdə də o uşaq başqalarından daha sürətlə öyrənir.