İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurtlamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir. Qalan nə varsa hamısına özü yiyələnir. Torpaq bizim zəhmətimizlə becərilir, peyinimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur. Bax siz, qarşımda uzanıb gövşək vuran inəklər, keçən il neçə min qallon süd vermisiniz? Onunla heç olmasa, buzovlarınızı doyunca əmizdirə bilərdiniz. Amma xəbəriniz də yoxdur ki, süd hara getdi, necə oldu? Aydın məsələdir, düşmənlərimiz onu son damlasına qədər boğazlarına töküblər. Siz, toyuqlar, ötən il nə qədər yumurta vermisiniz, nə qədər cücə çıxarmısınız? Hanı onlar? Hamısı bazara göndərilib. Çünki Consun və adamlarının əlləri daim pulla oynamalıdır. Klover, de görüm əziyyətlə böyütdüyün dörd balan haradadır? Axı qoca vaxtında onlar sənin arxan, köməyin olmalı idilər.