Ömrümdə bundan izdihamlı, qəlp, yekəxana adam yığınına rast gəlməmişdim. Əllərindəki siqaretin tüstüsündən boğula-boğula hər biri tamaşadan danışanda qəsdən səsini ucaldır, qıraqdan eşidənlərə öz dərrakələrini nümayiş etdirməyə çalışırdı. Bizdən azca aralıda düdəmə bir kino aktyoru dayanmışdı, siqaret çəkirdi. Adını bilmirəm, amma həmişə davalı filmlərdə döyüşqabağı anlarda qorxaqlıq edən əsgər rollarını oynayır. Yanında qədd-qamətli, qəşəng bir sarışın qız durmuşdu və hər ikisi özlərini elə göstərirdilər ki, guya hamının onlara baxdığından xəbərsiz idilər.