Afinalılar! Mənim yaşımdakı adama bu cavanlar kimi cəzbedici cümlələr qurmaq yaraşmaz. Buna görə də sizdən bir xahişim var: Özümü müdafiə edərkən adətim üzrə, yəni məni həmişə dinlədiyiniz yerlərdə – aqorada, sərraf dəzgahlarının önündə – dediyim sözlərdən istifadə etdiyimi görsəniz, xahiş edirəm, heyrətlənib sözümü kəsməyin; çünki 70 yaşını adlamış biri olaraq ilk dəfə hakim hüzuruna çıxdığımdan burada eşitdiyiniz, öyrəşdiyiniz dilə tamamilə yadam. Məni afinalı deyil, yad bir insan kimi görməyinizi sizdən xahiş edirəm. Buna görədə “yad dildə danışır” deyə, ən azından məni məsxərəyə qoymayacağınızı düşünürəm. Bu arzumu yersiz hesab etməyəcəyinizə ümid edirəm. Sizdən nitqimin gözəl və ya çirkin olmasına deyil, doğruluğuna diqqət etməyinizi istəyirəm. Onsuz da müdafiənin məqsədi həqiqəti ifadə etmək, məhkəmənin məqsədi isə ədalətli qərar verməkdən ibarətdir.